Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

09 avqust 2020 | 11:00

Bizim niyyətimiz onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik.
Onu da bildirməliyəm ki, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Bu gün bu barədə də məlumat veriləcək və bundan sonra da biznesə dəstək proqramları icra edilməlidir. Həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda, pandemiya ilə əlaqədar görülmüş işlər hesab edirəm ki, bizim siyasətimizi tam şəkildə əks etdirir.
Biz büdcəyə düzəlişlər edirik və artıq bu məsələ müzakirə olunur. Milli Məclis artıq bu məsələ ilə bağlı müzakirələr aparır. Bu, bir daha onu göstərir ki, biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Çünki bizim büdcəmiz təsdiq olunanda, əlbəttə ki, pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək. Ümid edirəm ki, yaxın günlərdə Milli Məclis dürüstləşmə ilə bağlı öz sözünü deyəcəkdir. Hökumətin təklifi ondan ibarətdir ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülsün və ilin sonuna qədər biz öz xərclərimizi bu rəqəm əsasında planlaşdıraq.
Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur.

Keçidlər