Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa daha bir respublika tədbirinə ev sahibliyi etdi

01 aprel 2019 | 11:00

Ağstafada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirilib. Heydər Əliyev parkında təşkil olunan tədbirin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir.       

Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunub. Burada 15 regional mədəniyyət idarəsinin hər birinin ayrı-ayrılıqda festival çadırları qurulmuş, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib.

Festivalda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev, mədəniyyət nazirliyinin nümayəndələri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış  olublar. Sonra hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. 

Sonda mədəniyyət nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə, alqışlarla qarşılanıb.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər