Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa: qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir

21 oktyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında geniş müzakirə olunmuşdur. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra RİH başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev məruzə etmişdir. Qeyd olunmuşdur ki, 2017-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 43,6 faiz artaraq 143,7 milyon manata çatmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 38,3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 0,9 faiz artmış, eləcə də nəqliyyat xidmətində 3,3 faiz, rabitə xidmətində 4,3 faiz, ticarətdə 0,4 faiz, tikinti sahəsində 3 dəfə artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,7 dəfə artmış və 68,7 milyon manatdan çox olmuşdur. Rayon üzrə orta aylıq nominal əmək haqqı 240,7 manata çatdırılmışdır.
Sosial- məişət xidməti sektorunda 249 nəfər tənha və ahıl vətəndaş xidmət uçotuna götürülmüşdür. Hazırda rayon üzrə 2304 nəfərə və ya 512 ailəyə ünvanlı sosial yardım verilir. Rayon məşğulluq mərkəzində 835 nəfər işaxtaran kimi qeydiyyata alınmış və 322 nəfər işlə təmin edilmişdir. Hazırda məşğulluq mərkəzində 299 vakant iş yeri mövcuddur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun aparılır. Bu ilin ötən ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 1183 nəfər işlə təmin olunmuşdur. Onların 87,5 faizi daimi işlərdə çalışanlardır. Fərəhli haldır ki, bu ilin 9 ayı ərzində rayona gələnlərin sayı gedənlərdən təxminən 2 dəfə çox olmuşdur.
Aparılan aqrar islahatlar kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Bu il rayon üzrə cəmi 30 min 883 ton taxıl istehsal olunmuşdur və hər hektardan 30 sentner məhsul götürülmüşdür. Kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi ilə 19 min 776 nəfər məşgul olmuşdur. 2017-ci ildə rayonda 9824 istehsalçıya 1123833 manat subsidiya verilmişdir. Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, rayonda 500 hektar şəkər çuğunduru əkilmişdir.
Tovuz Subartezian Quyularının İstismarı İdarəsininin Ağstafa istismar sahəsi 226 ədəd subartezian quyusuna xidmət edir. İlin
9 ayı ərzində 47 ədəd subartezian quyusunda cari, 68 ədəd subartezian quyusunda əsaslı təmir işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq rayonda 7 ədəd subartezian quyusunun qazma işləri aparılır. Ağstafada əkin sahələrinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması üçün Pirili, Xılxına, Köçəsgər, Eynallı, Aşağı Göycəli, Aşağı Kəsəmən və Poylu kəndlərində quyuların qazılması işləri həyata keçirilir.
Rayonda təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər aparılır. Ölkə Prezidentinin 21 oktyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq 1320 şagird yerlik Ağstafa şəhər 3 saylı tam orta məktəbin əsaslı təmiri işləri həyata keçirilir. Köhnəqışlaq kənd tam orta məktəbi üçün 108 yerlik yeni məktəb binasının və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi başa çatdırılmışdır.
Rayonda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilmişdir. Şəhərin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana çəkilmişdir. Şəhərdəki bir sıra yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, onların fasad hissələrində, pilləkən boşluqlarında və həyətlərdə təmir- bərpa işləri görülmüşdür.
Son illər Ağstafa rayonunda yol infrastrukturunun əsaslı şəkildə yenidən quruluması işləri uğurla icra olunur. Tamamilə yenidən qurulan Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən, uzunluğu 15,5 kilometr olan Ağstafa – Köçəsgər avtomobil yolunda əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Vurğun, Ğöycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən, uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Bundan başqa, uzunluğu 9,5 kilometr olan Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması başa çatdırılmışdır. Uzunluğu 9,5 kilometr olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi də həyata keçirilıir. Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolu üzərində isə 1 körpünün inşası başa çatdırılmışdır. Layihə çərçivəsində dəmir yolu, Ağstafaçay və Acıdərəçay üzərindəki körpülər sökülmüş, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılmışdır.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşların 564 müraciəti daxil olmuşdur. Rayon icra hakimiyyətində icra başçısı tərəfindən 4880 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 34 səyyar qəbul keçirilmiş və həmin görüşlərdə 3966 nəfər iştirak etmiş, 344 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 164-ü həll olunmuşdur, 80-in icrası davam etdirilir, 100 təklifin icrası növbəti aylarda nəzərdə tutulur.
İclasda belə bir fikir dönə-dönə vurğulanmışdır ki, Ağstafada inkişaf, tərəqqi göz qabağındadır və bütün bunlara görə rayon əhalisi ölkə Prezidenti cənab İlham Əliyevə minnətdardır.

Hamlet QASIMOV

“Xalq qəzeti”nin

bölgə müxbiri

Keçidlər